Türkiyənin “Demokratiya və Milli Birlik Günü” münasibətilə Bakıda anım tədbiri keçirilib.
“Report” xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, səfirliyin müşavirləri, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner, Azərbaycan Milli Məclisinin deputatları, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli və hər iki ölkənin mətbuat nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikası və Türkiyə Respublikasının himnləri səsləndirilib. 15 iyul şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Türkiyədə 15 iyulda dövlət çevrilişinə cəhd hadisələri ilə bağlı film nümayiş olunub.
Tədbiri çıxış sözü ilə açan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı qeyd edib ki, 15 iyul ölkəmizə qarşı atılan xain addımların son pərdəsi idi: “Xalqımız həmin gecə 81 vilayətdə öz iradəsini göstərdi və demokratiyaya bir daha sahib çıxdı”.
“Çevrilişə qarşı dirəniş zamanı 44 günlük Vətən müharibəsində olduğu kimi, Türkiyə bayrağı ilə yanaşı, Azərbaycan bayraqları da dalğalandırılıb. Bu, iki qardaş xalqın bir-birinə bağlığının daha bir sübutu idi”, – C.Bağçı vurğulayıb.
Türkiyənin Azərbaycandakı səfirliyinin daxili işlər müşaviri Mustafa Çakır daxili işlər mənsubu kimi bu hadisələrdə birbaşa iştirak etdiyini deyib: “15 iyula kimi dəfərlərlə bir sıra hadisələr törədiblər. Bir sözlə, bu hadisələr bəzilərinin göstərməyə çalışdığı kimi bir teatr səhnəciyi deyildi”.
“FETÖ terror təşkilatı Türkiyədə çevrilişə cəhd edərək siyasi idarəetməni ələ keçirmək üçün hər yolun mübah olduğunu düşünən və bütün vasitələrdən istifadə edən bir quruluşdur. Təəssüf ki, FETÖ 170 ölkədə fəaliyyətini hələ də davam etdirir”, – M.Çakır vurğulayıb.
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı dəfələrlə dövlət çevriliş cəhdləri ilə üzləşən Azərbaycanın 15 iyul hadisələrində Türkiyənin yanında olduğunu vurğulayıb: “FETÖ nümayəndələrinin məqsədi Türkiyədə vətəndaş müharibəsi yaratmaq idi. Onlar Türkiyənin daxili və xarici siyasətinə təsir edərək, onu kökündən sarsıtmağa çalışırdılar. Türkiyə xalqının milli iradəsini nümayiş etdirməsi xainlərə dərs oldu”.
Milli Məclisin üzvü Əhliman Əmiraslanov çıxışı zamanı qeyd edib ki, yaxın zamanlarda Türkiyədə keçirilən prezident və parlament seçkilərinə xalqın münasibəti bütün dünyaya verilən daha bir mesaj idi: “Türk xalqı bununla bildirdi ki, öz dövlətçiliyinin və seçdiyi liderin daim keşiyindədir”.
Sonda Türkiyə səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açık 15 iyul şəhidlərinin ruhunu yad etmək üçün Qurandan ayələr oxuyub.
Tədbirdə qeyd olunub ki, Türkiyə bu çətin sınaqdan alnıaçıq, üzüağ çıxmağı bacarıb və bir daha dünyaya demokratiya dərsi keçib. Polislərin şücaətindən bəhs edərkən onların canları bahasına xainlərə verdiyi dərs Türk xalqının Sakarya və Çanaqqaladakı igidliklərinə bənzədilib.