Şuşa şəhərinin işğaldan azad edilməsinin ildönümüdür.
Azərbaycan ordusu 2020-ci ilin noyabrın 8-də Şuşa şəhərini düşmən işğalçılarından azad edib.
Qəhrəman hərbçilərimiz erməni qoşunlarını şəhərdən sürətlə qovub və 8 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan qüvvələrinin Şuşanı işğaldan azad etdiyini bəyan edib.
Şuşanın azad edilməsi həm də müharibənin və münaqişənin taleyinə ciddi təsir göstərdi, Şuşa azad edilən anda Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Şuşanın işğalçılardan azad edilməsi dünya hərb tarixində unikal əməliyyatlar siyahısına düşüb. Azərbaycan əsgəri dağlar, dərələr, meşələr keçərək, onlarla kilometr yolu piyada qət edib, müqəddəs şəhərini dişinə qədər silahlanmış düşməndən texnikasız, yüngül silahlarla, süngü-bıçaqla qurtarıb. İndi qabaqcıl ölkələrin hərbi akademiyaları təkcə Şuşanın azad edilməsini deyil, bütünlükdə 44 günlük “Dəmir yumruq” əməliyyatını öyrənir. Azərbaycanın Qarabağın işğaldan azad etməsi ilə nəticələnmiş yeni nəsil müharibə strategiya və taktikası artıq nümunəyə çevrilib, hərbi məktəblər, akademiyalar bu müharibənin nəticələrindən bəhrələnir.
Azərbaycan unikallığını təkcə hərbi əməliyyatlarda deyil, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpasında da nümayiş etdirir. Bu gün Şuşa şəhərinin də sürətli bərpası həyata keçirilir. Bərpa işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Prezident İlham Əliyev bu məsələni şəxsi nəzarətində saxlayır.
2021-ci il yanvarın 14-də Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun təməlini qoyub. Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar. Prezident İlham Əliyev və Mehriban Əliyeva dünən Füzulidən Şuşaya “Zəfər yolu”nun açılışını edib.
289 kvadratkilometr ərazisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilərin təcavüzü nəticəsində Şuşanın 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilib, yandırılıb və dağıdılıb.