Yanvarın 25-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfəri başlayıb.
TürkMedia.az xəbər verir ki, Prezident Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Agentliyin icraçı direktoru Aygün Əliyeva və departament müdiri Elnur Bağırlının təmsil olunduğu nümayəndə heyəti əvvəlcə ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovla görüşüblər.
Görüşdə Azərbaycan və Türkiyə vətəndaş cəmiyyəti təsisatları arasında birgə əməkdaşlıq məsələləri müzakirə edilib.
Sonra nümayəndə heyətinin Türkiyə Respublikasının Vəqflər Baş İdarəsinin rəisi Burhan Ersoyla görüşü olub.
Qonaqları salamlayan Burhan Ersoy Türkiyədə fəaliyyət göstərən vəqflər və onların fəaliyyətindən danışıb. Bildirib ki, Azərbaycanın müvafiq qurumlarının Türkiyədə fəaliyyət göstərən vəqflərlə əlaqələrinin qurulması hər iki ölkənin milli maraqlarına xidmət edəcək və müsbət töhfə verəcək.
Daha sonra Vüsal Quliyev Agentlik haqqında məlumat verərək qurumun gələcək fəaliyyəti, Türkiyə QHT-ləri və vəqfləri ilə mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Bildirib ki, Türkiyə vəqflərinin təcrübəsinin öyrənilməsi və onlarla əlaqələrin qurulması Azərbaycan QHT-ləri üçün mühüm əhəmiyyət kəsb edir.
Agentliyin icraçı direktoru Aygün Əliyeva çıxış edərək qurumun qarşısında duran hədəflər və beynəlxalq əlaqələrinin inkişafı barədə məlumat verib. Diqqətə çatdırıb ki, bütün sahələrdə olduğu kimi, vətəndaş cəmiyyəti institutları ilə iş sahəsində də qardaş Türkiyənin təcrübəsinin öyrənilməsi çox vacibdir.
Qeyd edək ki, 4 gün davam edəcək səfər çərçivəsində digər aidiyyəti qurumlarda görüşlərin keçirilməsi planlaşdırılır.