Bayraqdar.info – Bir neçə gündən sonra Fetullahcı Terör Örgütünün (FETÖ) Türkiyədə dövlət çevrilişinə cəhdinin 5 ili tamam olur. Məlum olduğu kimi, 2016-cı il 15 iyul gecəsində terrorla mübarizədə 251 şəhid verən Türkiyə xalqı növbəti dəfə qəhrəmanlıq dastanı yazdı.
Bayraqdar.info olaraq ekspertlərin, politoloq və diplomatların qardaş Türkiyədə o müdhiş gecədə baş verənlər, həmçinin həmin vaxt ölkəmizin sərgilədiyi mövqe ilə bağlı fikirlərini dərc edirik.
Müsahibimiz Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç öncə onu deyib ki, 15 iyul 2016-cı ildə baş verənlər, FETÖ-nün dövlət çevrilişinə cəhdi bir, yaxud beş illik hazırlığın nəticəsi deyildi: “Bu, uzun illər hazırlanan böyük bir layihənin nəticəsi idi. Yəni 2016-cı il iyulun 15-də baş verənlər FETÖ-nün Türkiyədə hakimiyyəti ələ keçirmək üçün əlli illik hazırlığının nəticəsi idi. Zatən bunu hər kəs, bütün dünya gördü. Yəni bu, ötən müddət ərzində Türkiyənin dövlət qurumlarına, məhkəmə-hüquq sisteminə, orduya, bir sözlə dövlətin bütün orqanlarına sızıb sonra dövləti içəridən ələ keçirməyə çalışan xain bir terror təşkilatının hazırladığı plan idi. Bəlli oldu ki, Fetullah Gülen adlı o xain öz çirkin əməllərini reallaşdırmaq, dövləti, hakimiyyəti ələ keçirmək üçün uzun illər hiyləgərcəsinə hərəkət edib”.
H.Kılıç Türkiyənin xarici düşmənlərinin istəklərini yerinə yetirmək üçün meydanda olan FETÖ-nün öz çirkin məqsədlərinə çatmaq üçün uzun illər dövlət içində təşkilatlandığını deyib. Onun sözlərinə görə, FETÖ bu yolda inanılmaz cinayətlərə əl atıb: “Məsələn, bu terror təşkilatı öz adamlarını mühüm vəzifələrə təyin etdirməyə nail olmaq üçün hər cür qaranlıq addımlara baş vurub. İmtahan suallarını oğurlayaraq təşkilatın üzvlərinə verməklə onların müxtəlif dövlət qurumlarında, orduda və polis sistemində vəzifələrdə irəli çəkilmələrinə şərait yaradıb. Bütün bu cinayətlərin bir məqsədi olub – hakimiyyəti tamamilə ələ keçirmək. Beləliklə, bu cinayətləri törədən içimizdəki düşmən addım-addım öz məqsədinə çatmaq üçün irəlilədi. Sonda isə 2016-cı il iyulun 15-də bütövlükdə hakimiyyəti ələ keçirməyə cəhd etdi”.
Keçmiş səfir deyib ki, düşmən məqsədinə nail olacağını düşünürdü. Amma bir məsələni yaddan çıxarmışdı: “Bu da Cümhurbaşqanı – Xalq birliyi idi. FETÖ həmin gecə sakit, amma lazımlı qərarlar verən Sayın Cümhurbaşqanımız Recep Tayyip Erdoğanın və xalqın müqaviməti ilə üzləşdi. Həmin gecə terrorçular Cümhurbaşqanı – Xalq bilriyi ilə qarşılaşdılar. Öz qətiyyətli liderinin çağırışından sonra küçə və meydanlara axışan Türkiyə xalqı terror təşkilatının dövlət çevrilişi cəhdinin qarşısını mətanətlə aldı. Xalqımız öz canı, qanı bahasına dövlətini və qanuni hakimiyyətini qorudu. Bununla da Türkiyə dövləti, Türkiyə Cümhurbaşqanı və xalqı bir daha demokratiyaya sadiqliyini nümayiş etdirdi”.
H.Kılıç FETÖ-nün öz xain niyyətini həyata keçirmək üçün xaricdən də dəstək aldığını deyib: “Bu da təsadüfi deyildi. Çünki 15 iyulda cinayət törədənlər, dövlət çevrilişinə cəhd edənlər xarici düşmənlərimizin sifarişini yerinə yetirən, Türkiyənin düşmənlərinin buyruq qulları olan xainlər idi. Onlara bu sifarişi verən xarici düşmənlərimizin də məqsədi bəlli idi. Türkiyənin son illər dünyada güclənən, öz sözünü deyən, xarici güclərdən asılı olmayan ölkəyə çevrilməsi bəzi xarici gücləri narahat edir. Bu gün onlar istəsələr də, istəməsələr də Türkiyə ilə hesablaşmaq zorundadırlar. Məhz ölkəmizin güclənməsinin qarşısını almaq, Türkiyəni yenidən zəif, xarici əmr və göstərişlərdən asılı olan bir dövlət halına salmaq üçün FETÖ-nü dövrəyə qoşmaq istədilər. Amma arzuları gözlərində qaldı. Beləliklə, Cümhurbaşqanı – Xalq birliyi öz sözünü dedi və 50 illik xain plan nəticəsiz tamamlandı”.
Azərbaycanın həmin vaxt sərgilədiyi mövqeyə gəlincə, H.Kılıç bunun əsl qardaş davranışı olduğunu deyib: “Məlum olduğu kimi, Azərbaycan FETÖ ilə mübarizədə hər zaman ön sırada olub. Eyni zamanda, 15 iyulda da qardaş Azərbaycan Türkiyəyə ilk dəqiqələrdən fəal və qətiyyətli dəstək verdi. Azərbaycan Türkiyənin hər hansı xahişini, istəyini gözləmədən lazımi addımları atdı. Bir sözlə, Azərbaycan dövləti və xalqı 2016-cı il iyulun 15-də sərgilədiyi mövqe ilə dünyaya nümunə oldu. Yəni iki qardaş ölkə arasında tarix boyu müşahidə edilən həmrəyliyin ən müasir nümunəsi məhz başda cənab Prezident İlham Əliyev olmaqla, Azərbaycan dövlətinin və xalqının hadisələrin ilk anındaca Türkiyə dövlətinə verdiyi dəstəkdir. Eyni zamanda, o müdhiş gecədən sonra FETÖ-yə qarşı aparılan hərtərəfli mübarizədə də Azərbaycan hər an Türkiyənin yanında oldu və bu gün də yanındadır”.
Keçmiş səfir sonda bildirib ki, 15 iyul sınağından da uğurla çıxan Türkiyə ötən beş il ərzində daha da güclənib: “Bu gün bütün qlobal və regional problemlərin həllində Türkiyənin sözü eşidilir, mövqeyi nəzərə alınır. Türkiyə olmadan hər hansı qlobal problemin həlli mümkün olmur. Bir sözlə, xainlərin çevriliş cəhdi nəticəsiz qaldı və biz Türkiyə olaraq daha da gücləndik”.