Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan iyulun 7-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
Paşinyan sonuncu dəfə Moskvada aprelin 7-də, yəni, parlament seçkisindən təxminən iki ay əvvəl olmuşdu.
Paşinyanın o zaman perpspektivi bəlli deyildi. Bu dəfə isə Paşinyan Moskvaya parlament seçkisinin qalibi və Azərbaycanla müharibədə ağır məğlubiyyətdən sonra yerini möhkəmləndirmiş baş nazir kimi gedir.
Halbuki, Putin Moskvada dostu Robert Köçəryanı baş nazir kimi qəbul etmək istəyərdi. Olmadı. Putin erməni cəmiyyətinin seçimini qəbul etmək məcburiyyətindədir. Paşinyanın Rusiyaya səfəri və Putinlə görüşü bürədə yayımlanan xəbərlərdə əsasən 3 mövzunun müzakirə ediləcəyi göstərilib:
Rusiya-Ermənistan arasında strateji əməkdaşlıq, 2020-ci ilin noyabrın 9-da və 2021-ci ilin yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatın bəndlərinin reallaşdırılması və bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələləri.
Paşinyan sərhəd məsələsində Putindən dəstək istəyəcək. Ermənistan öz gücü ilə sərhədini qoruya bilmir və mövcud şəraitdə Rusiyanın Ermənistanda hərbi kontingentini artırmasını arzulayır. Rusiya Ermənistandakı hərbi bazalarını tədricən genişləndirməyə və Zəngəzurda yerləşməyə başlayıb.
Ancaq Moskva Ermənistan-Azərbaycan sərhədi tam müəyyənləşməmiş sərhəddə hərbçilərini yerləşdirməyə də tələsmir. Çünki bu halda Rusiya sərhəd məsələsində Ermənistan tərəfdən prosesə müdaxilə etmiş olacaq, bu isə Moskva ilə Bakı arasındakı münasibətlərdə gərginliyi artıracaq.
Ancaq o da bəllidir ki, Moskva Ermənistanın Azərbaycan qarşışsında tam gücsüz duruma düşməsini də istəmir və Paşinyan Putinlə görüşdə bu amildən istifadə etməyə çalışacaq. Moskvada nəqliyyat dəhliziylə bağlı müzakirələrə gəldikdə Paşinyanın Putindən növbəti xahişi o olacaq ki, Moskva Zəngəzur dəhlizinin bərpası məsələsində israr etməsin.
İrəvan bu məsələni mümkün qədər uzatmağa çalışır.
Böyük ehtimalla Putin Paşinyana onun xahişləri qarşılığında nə qəti “hə”, nə də qəti “yox” deyəcək.
Putin Ermənistanı əlində saxlamaqla yanaşı Türkiyə və Azərbaycanla əməkdaşlıqdan qopmaq da istəmir.
Kreml sahibi bu ikisinin arasında balansı müəyyənləşdirmək siyasətini davam etdirəcək.
Elxan ŞAHİNOĞLU, Politoloq