“Laçın yolundakı pozuntular Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq baş verir”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelərlə keçirdiyi görüşdə bildirib.
“Diplomatlara Laçın yolundan çoxsaylı sui-istifadə hallarından, qanun pozuntuları hallarından bəhs etmək istəyirik. Sui-istifadə halları, qanun pozuntuları Üçtərəfli Bəyanatın müddəalarının əksinə olaraq baş verir. Bu, hadisədən ümumi anlayışımızın olmağı üçün önəmlidir”, – nazir qeyd edib.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq dörd gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.