Azərbaycanın torpaqları BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə rəğmən 30 ilə yaxın Ermənistanın işğalı altında qaldı. ATƏT-in keçmiş həmsədrləri də 28 il Azərbaycana gəlib-getməkdən başqa heç bir iş görmədi. Buna baxmayaraq Bakı problemi dialoq yolu ilə həll etməyə çalışırdı. Azərbaycan nəhayət dialoqla, danışıqlarla bu problemin həll olunmayacağını anladı. Məhz 44 günlük Vətən Müharibəsinin nəticəsində Azərbaycan erməni işğalında olan torpaqlarını azad etdi.
TürkMedia.az xəbər verir ki, bu sözləri Teleqrafşcom-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, BMT TŞ-nın 4 qətnaməsini Azərbaycan özü icra etdi: “Haqq-ədalət bərpa olundu. Beynəlxalq müstəvidə BMT-nin nüfuzdan düşmüş mövqeyi özünə qaytarıldı. Amma Azərbaycan beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü təmin etdikdən sonra 30 il susqun qalmış Qərbdən “səslər gəlməyə” başlayıb”.
Sabiq səfir hesab edir ki, Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra Qərbin sərgilədiyi mövqe ikili standartların məhsuludur: “Bu da sözsüz ki, Qərbin demokratiya və digər amillərdən ancaq öz məqsədləri üçün istifadə etməsi fonunda meydana çıxır. Hazırda Ermənistanın işğalında qalan Azərbaycanın 8 kəndinin azad olunması istiqamətində aktiv danışıqlar gedir. Nikol Paşinyan da 8 kənddən dördünü təhvil veriləcəyini açıqlayıb. Təəssüf ki, Qərbdən bu kəndlərin azad edilməsi ilə bağlı reaksiya yoxdur”.
Hulusi Kılıça görə, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində danışıqlar aparılır: “Ermənistan prosesi uzatmaqla məşğuldur. Azərbaycanın 8 kəndi hərbi yolla azad etmək hüququ var. Qərbdən reaksiyalar olacaq. Təbliğat maşını işə düşəcək. Amma Bakı uzun müddət kəndlərin azad edilməsini gözləmək niyyətində deyil. Qərb “nə deyəcək” deyə Azərbaycan haqlı mövqeyindən geri çəkilməyəcək. Nəyi nə zaman etməyi yaxşı bilən Prezident İlham Əliyev bu məsələni həll edəcək. “Dəmir Yumruq” yerindədir. Ermənistan reallığı başa düşməlidir. İrəvan kəndləri təhvil verməli və sülh müqaviləsini imzalamalıdır”.