Bu gün Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejakın başçılıq etdiyi nümayəndə heyəti Beynəlxalq Türk Akademiyasını ziyarət edib.
Fəxri qonaqlar Türk Akademiyasının kitabxanasının tanınmış macar türkoloq İştvan Konqur Mandokiyə aid qiymətli kitab fondu ilə ilə tanış olublar.
Sonra macar dilində “550 qazax atalar sözü və məsəlləri” və “Kunların təsvirli xronikası” kitablarının təqdimatı olub.
Tədbirdə Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejak, Beynəlxalq Türk Akademiyasının prezidenti vəzifəsini icra edən Füzuli Məcidli, Macarıstanın Qazaxıstandakı səfiri Otto İvan Rona, Qazaxıstan XİN xüsusi tapşırıqlar üzrə səfir Erjan Mukaş, tanınmış alim və dövlət xadimi Adil Axmedov, Nazarbayev Universitetinin Türkologiya kafedrasının müdiri, türkoloq Yulay Şamiloğlu, macar türkoloqu David Şomfai Kara, həmçinin dövlət və ictimai xadimlər, tanınmış elm adamları və ziyalılar iştirak ediblər.
Beynəlxalq Türk Akademiyasının prezidenti vəzifəsini icra edən Füzuli Məcidli Akademiyaya müşahidəçi üzv olan Macarıstanın təşkilatın fəaliyyətlərində aktiv iştirak etdiyini, tərəflər arasında sıx elmi əlaqələrin mövcud olduğunu qeyd edib və indiyədək həyata keçirilən layihələr haqqında məlumat verib. Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejakın birbaşa dəstəyi ilə macar alimləri tərəfindən hazırlanan hər iki kitabın təqdimatının məhz Akademiyada keçirilməsinin böyük önəm daşıdığını vurğulayıb.
Vitse-spiker Şandor Lejak təqdimata ev sahibliyi etdiyi üçün Türk Akademiyasının rəhbərliyinə təşəkkürünü çatdırıb və bildirib ki, “550 qazax atalar sözü və məsəlləri” toplusunu şair Ferens Buda macar dilinə tərcümə edib. Kitab macar türkoloqu İştvan Konqur Mandokiyə həsr olunub və alimin Orta Asiyaya tədqiqat səfərləri zamanı çəkilmiş fotoşəkilləri də nəşrə əlavə olunub.
“Kunların təsvirli xronikası” kitabında isə 20-ci əsrin əvvəllərinə qədər kunların (kuman-qıpçaqların) mənşəyi, məskunlaşması və tarixinə dair elmi araşdırmaların nəticələri yer alıb. Nəşr üç hissədən ibarətdir. Birinci fəsildə Kunların tarixi təsviri, ikinci hissədə isə Kunlarla bağlı 33 terminin izahı verilmişdir. Sonuncu hissədə 49 yaşayış məntəqəsinin tarixi təsvir olunur. Kitabda elmə məlum hadisələrlə yanaşı, az məlum olan faktlar, eləcə də Kun xalqı üçün çox işlər görmüş görkəmli şəxsiyyətlərin və hökmdarların fəaliyyəti haqqında məlumatlar yer alıb.
TDT Ağsaqqallar Şurasının keçmiş üzvü, tanınmış alim və dövlət xadimi Adil Axmedov, tanınmış türkoloqlar Yulay Şamiloğlu, Aybolat Kuşkumbayev və digərləri təqdimatın əəmiyyətini vurğulayıb və Macarıstanla elmi əməkdaşlıqla bağlı fikirlərini bölüşüblər.