Baş diplomatların qol-boyun olmasına ekspertlərdən fərqi yorumlar
İyunun 30-da Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyənin Antalya şəhərində həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdən isti, nazirlərin qucaqlaşmış halda fotoları yayılıb. Rəsmi məlumatlarda da pozitivlik elementləri əvvəlki görüşlərə nisbətən çoxdur.
Görüşsonrası açıqlamalar da iki dövlət arasında münasibətlərin kifayət qədər normal məcrada inkişafından xəbər verir. İndi maraqlı və aktual sual çıxır ortaya: Rusiya və Türkiyə nazirlərinin qol-boyun olmasından azərbaycanlılar sevinsinlərmi? Çünki yayılan rəsmi məlumatlarda vurğulanır ki, XİN başçıları Qarabağ ətrafındakı vəziyyəti də müzakirə ediblər. Bir sıra ciddi açıqlamalar da verilib.
Görünən budur ki, bu görüşün bizə də dəxli var və oradakı hər bir jestin hər bir azərbaycanlı üçün əhəmiyyəti böyükdür…
Məsələn, Lavrov birgə mətbuat konfransında deyib ki, Rusiya və Türkiyə münasibətlərin normallaşması üçün Bakı ilə İrəvana yardım səylərini gələcəkdə də koordinasiya etməyə davam edəcəklər. Onun sözlərinə görə, Moskva və Ankara etimad qurma tədbirlərinin möhkəmləndirilməsi xüsusi vurğulanaraq, münasibətlərin normallaşması üçün Bakı və İrəvana kömək məqsədilə səyləri sıx əlaqələndirməklə bağlı razılığa gəliblər.
Lavrov rəsmi Moskvanın Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən məmnun olduğunu qeyd edib. Rusiya XİN rəhbəri “Qarabağ məsələsində səylərimizi sıx şəkildə koordinasiya edirik”, deyib. O bildirib ki, Bakı və İrəvan da bu məsələdə məsafə qət etmək üçün dialoqu davam etdirir.
Regionda bütün nəqliyyat əlaqələrinin bərpasının əhəmiyyətinə toxunan S. Lavrov Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini təqdir etdiklərini vurğulayıb: “Əminik ki, ümumilikdə vəziyyətin kompleks stabilləşməsi Cənubi Qafqazda nəqliyyat kommunikasiyasının açılmasına, bu regionda yerləşən ölkələrin, o cümlədən Türkiyə və Rusiyanın iştirakı ilə çoxplanlı iqtisadi əməkdaşlığın irəliləməsi səylərinə xidmət edəcək”.
S.Lavrov Türkiyə prezidentinin Şuşa səfəri barədə suala da diplomatik cavab verib. “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri Türkiyə və Azərbaycan arasında ikitərəfli münasibətlər çərçivəsində baş tutub”, nazir deyib. “Biz bu gün Mövlud Çavuşoğlu ilə razılaşdıq ki, hər kəs öz imkanından istifadə edib Azərbaycan və Ermənistanın barışığına, onlar arasında münasibətlərin normallaşmasına, azərbaycanlılar və ermənilərin bu torpaqda yanaşı, mehriban qonşular kimi yaşamaları üçün şərait yaratmağa kömək etsin. Onda əminik ki, bütün məsələlər, o cümlədən siyasi xarakterli məsələləri daha asan həll etmək mümkün olacaq. Bir daha qeyd edirəm ki, bizim əməkdaşlığımızın əlavə istiqaməti bu regionda nəqliyyat-kommunikasiya, iqtisadi əlaqələrin bərpa olunmasıdır. Türkiyə Prezidenti Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin regionun inkişafı üçün ”3+3″ əməkdaşlıq platforması ilə bağlı təklifi bizdə müsbət reaksiya doğurub. Bu gün biz bu barədə də danışdıq. Düşünürəm ki, burada bizim ilk vaxtlar üçün yaxşı planlarımız var. Təkrar edirəm ki, biz Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı nəticəli əməkdaşlıqdan məmnunuq”, – deyə Rusiya XİN başçısı vurğulayıb.
Açıqlamalar nikbin yanaşmalara əsas verir. Ancaq suallar da az deyil. Görüşün önəmi və pərdəarxası məqamları daha nələr ola bilər? Bunun ardınca Zəngəzur dəhlizi tezləşə bilərmi?
Qeyd edək ki, az öncə Türkiyə prezidenti Ərdoğanla Putin arasında telefon danışığı olmuş, Qarabağ ətrafındakı vəziyyət müzakirə olunmuşdu. Türkiyə regionda “3+3″ formatında yeni əməkdaşlıq qurulması ideyasını dəstəkləyir. Prezident Ərdoğan son Bakı səfəri zamanı da bu haqda danışdı. Həmçinin Rusiya bu formatda regional əməkdaşlıqda maraqlı görünür. Bəs Ermənistan?
Qarabağın bərpası işlərinə tələbələr də cəlb oluna bilər – Arzu Nağıyev – VİDEO
Arzu Nağıyev: “Zənnimcə, əsas məsələ yenə dəhlizlərin açılması və bundan doğa biləcək hər bir detalın təhlilidir”
Deputat Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, danışıqların gündəliyindən də göründüyü kimi, əsas müzakirə olunan məsələlərdən biri Cənubi Qafqaz və ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi olub: “Azərbaycanın öz xarici və daxili siyasəti var və heç bir dövlət də bizim əvəzimizə tam şəkildə hansısa qərarı verə bilməz. Lakin bu görüşlərdə Türkiyə tərəfi bizim haqq işimizi və səsimizi daha uyğun şəkildə çatdırır və Rusiya da başa düşür ki, regionun stabil olması elə onların özlərinin də stabilliyi deməkdir. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti də stabilliyə bir zəmanətdir və bu başa düşüləndir. Zənnimcə, əsas məsələ yenə də dəhlizlərin açılması və bundan doğa biləcək hər bir detalın təhlilidir. Delimitasiya məsələsini tezliklə həyata keçirmək də bu işə ancaq təkan verə bilər. Son vaxtlar 6-lıq platformaya Şimali Kiprin və Abxaziyanın da qoşulacağı haqda fikirlər də səslənir, bu isə fikrimcə, indinin yox, gələcəyin işi ola bilər”.
A.Nağıyev qeyd etdi ki, bu görüşdən sonra məhz cənab Putinin ayrıca Qarabağla bağlı verdiyi bəyanat, eyni zamanda Ərdoğanla Putin arasında telefon danışığı da bu görüşün çox mühüm olduğundan xəbər verir: “Ermənistana gəldikdə bu məsələlərin həlli ən çox onlara lazımdır. Tənəzzülə uğrayan iqtisadiyyat, dağılmış hərbi, siyasi çəkişmələr və perspektivdə də yaxşı heç nə görünmür. Ermənistan təkbaşına, regional dövlətlərsiz bu krizisdən çıxa bilməz, o, məcburdur ki, Paşinyanın andiçmə mərasimindən sonra sülhə doğru addımlar atsın. Özü də təcili surətdə addımlar atılmalıdır ki, bu ölkə müəyyən qədər özünü gələ bilsin. Çünki burada tək regional yox, bütün dövlətlər maraqlıdır. İlk növbədə ona görə ki, sərmayə qoyuluşu üçün əsas faktor stabillikdir. Buna görə də Rusiya və Türkiyə də Ermənistana bir təsir və çağırış etməlidir, artıq elə bu görüş də onu deyir”.
“Doğrusu, ”diplomatik qucaqlaşmaların” siyasi yozumu məsələsində təcrübəm yoxdur. Amma məsələnin tarixi, həm də klassik tərəfinə diqqət yetirəndə, qucaqlaşmaların sonunun kürəyə saplanan bıçaqla nəticələndiyini təsdiqləyən çoxsaylı faktlar var. Bu baxımdan ümid edək ki, Mövlud Çavuşoğlu ilə Sergey Lavrovun qucaqlaşması iki dövlət arasındakı münasibətlərinin qarşılıqlı faydalılıq prinsipi əsasında inkişaf perspektivlərindən xəbər verir”.
Siz necə düşünürsünüz? – Elçin Mirzəbəyli yazır – Yenicag.Az
Elçin Mirzəbəyli: “Qucaqlaşmaların sonunun kürəyə saplanan bıçaqla nəticələndiyini təsdiqləyən çoxsaylı faktlar var”
Bu fikirləri isə politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında söylədi. Siyasi şərhçi bildirdi ki, Türkiyənin Azərbaycanla bağlı məsələdə mövqeyi aydındır və çox ciddi siyasi kataklizmlər baş vermədən bu mövqenin dəyişikliyə uğrayacağına inanmır: “Türkiyə-Rusiya münasibətlərinin inkişafının Azərbaycanla bağlılığına gəldikdə isə, qənaətimə görə, sözügedən dövlətlər arasındakı əlaqələrin intensivləşməsi və qarşılıqlı anlaşma şəraitində inkişafı bizim üçün də faydalıdır. Və qeyd etmək lazımdır ki, Azərbaycan da hər zaman Türkiyə-Rusiya münasibətlərinin inkişafına çalışıb. Mövcud şəraitdə həm Türkiyənin Rusiyaya, həm də Rusiyanın Türkiyəyə ehtiyacı var. Ola bilsin ki, Rusiyanın ehtiyacı daha çoxdur və Çavuşoğlu-Lavrov görüşündəki səmimiyyət də bu ehtiyacdan qaynaqlanır. Digər tərəfdən, hər iki regional güc çoxsaylı təhdidlərlə qarşı-qarşıyadır və belə bir şəraitdə regionda sülhün və sabitliyin qorunması həm Ankaranın, həm də Moskvanın maraqları daxilindədir. 3+3 platformasına gəldikdə isə bu əməkdaşlıq formatının həyata keçirilməsində həm Türkiyə, həm Azərbaycan, həm də Ermənistan maraqlıdır. Perspektivdə Gürcüstan da, hətta Ermənistan da bu platformanın vacib həlqələrinə çevrilə bilərlər”.
E.Mirzəbəyli əməkdaşlığın perspektivləri haqda danışarkən bir məqama da diqqət çəkdi: “Subyektiv qənaətimə görə, ”altılıq” formatının ən zəif həlqəsi Ermənistan deyil, İrandır. Tehranın bu günədək hansısa format çərçivəsində prosesin inkişafına və dayanıqlılığına xidmət edən fəaliyyətini xatırlamıram. Adətən belə əməkdaşlıq platformalarında İranın inkişafı formal xarakter daşıyır və heç bir effektiv nəticəyə gətirib çıxarmır”.
Antalya görüşündəki qucaqlaşmanın hansı anlam kəsb etdiyi, səmimi olub-olmadığını yaxın perspektivdə görəcəyik…