“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində I Qarabağ Beynəlxalq İqtisadi Forumunda iştirak etmiş qonaqlarla görüş keçirilib.
Bu barədə TürkMedia-a “İMZA” İctimai Birliyinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Elnar Məmmədli məlumat verib.
Bildirilib ki, görüşdən əvvəl İctimai Birliyin İdarə Heyətinin iclası keçirilib. İclasda I Qarabağ Beynəlxalq İqtisadi Forumunun yekunları ətraflı müzakirə edilib. Birliyin sədri Xəyyam Əsgərov iclasda qeyd edib ki, beynəlxalq forumda Azərbaycanla yanaşı, Türkiyə, Pakistan, İsrail, ABŞ, Rusiya, Fransa, Almaniya, İtaliya, Gürcüstan və digər ölkələrdən tanınmış ictimai-siyasi xadimlər, millət vəkilləri, iqtisadçı ekspertlər, jurnalistlər iştirak ediblər. Onların hər biri çıxışlarında Azərbaycanın 44 günlük Vətən müharibəsində Qarabağı azad etməsini yüksək qiymətləndirib, tarixi ədalətin bərpası münasibətilə xalqımızı təbrik ediblər.
İştirakçılar təmsil etdikləri ölkələrin Qarabağın bərpasında iştirak edə biləcək şirkətlərinin imkanları haqqında məlumat verməklə yanaşı, bunun həm Azərbaycanla əlaqələrin inkişafı, həm Qarabağın sürətli bərpası, həm də həmin şirkətlər üçün səmərəli olacağını söyləyiblər.
Forum Qarabağın azadlığına qovuşmasından sonra bölgədə yaranmış yeni reallıqların, dövlətimizin bu cənnət diyarımızın abadlaşdırılması üçün gördüyü işlərin təbliğində də mühüm rol oynayıb. Tədbirdə ölkələrin Qarabağın bərpası prosesində iştirak imkanları, o cümlədən Böyük Qayıdışa hazırlıq prosesi barədə də ətraflı danışılıb. Birinci Qarabağ Beynəlxalq İqtisadi Forumuna dünya mediası da ciddi maraq göstərib. Bir sıra xarici KİV-də bu tədbir barədə yazılar dərc olunub. Azərbaycan KİV-ində də forumun işi geniş işıqlandırılıb. Yerli və xarici jurnalistlər “İMZA” İB-nin bu təşəbbüsünü yüksək qiymətləndiriblər.
İdarə Heyətinin iclasından sonra “İMZA” İB-nin mərkəzi ofisində forumun bir qrup iştirakçısı ilə görüş keçirilib. Forumun işində fəal iştiraklarına, maraqlı çıxışlarına və səmərəli təkliflərinə görə İdarə Heyətinin və bütün “İMZA”çılar adından onlara minnətdarlıq ifadə edilib.
Deputatlar Soltan Məmmədov, Vüqar Bayramov, Ramin Məmmədov, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, İsraildən olan politoloq Arye Qut, İqtisadiyyat Nazirliyinin Azad Edilmiş Ərazilərin Bərpası və İnkişafı departamentinin direktor müavini Vüsal Qarayev, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektorunun müşaviri Elşən Bağırzadə, dünya şöhrətli fotoqraf Reza Deqati forumun uğurla keçirilməsi münasibətilə bütün “İMZA”çıları təbrik ediblər. Bildirilib ki, I Qarabağ Beynəlxalq İqtisadi Forumunun təşkili təşəbbüsü də yüksək qiymətləndirilməlidir. İlk dəfə keçirilən bu beynəlxalq tədbirdə çox səmərəli təkliflər, ideyalar səsləndirilib, Qarabağın bərpasının ən qısa zamanda həyata keçirilməsi işində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin atdığı addımlar təqdir olunub. Həmçinin azad edilmiş tarixi yaşayış məntəqələrimizin, eyni zamanda, tarixi abidələrimizin bərpası prosesində ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi peşəkarlıqla, əzmlə çalışdığı qeyd olunub və Fondun fəaliyyəti yüksək qiymətləndirlib.
Vurğulanıb ki, forumda erməni vandalizminin əsl mahiyyəti haqqında ətraflı danışılıb və onların 30 ilə yaxın işğal altında saxladıqları şəhər və kəndlərimizi məqsədli şəkildə dağıtdıqları, viranəyə çevirdikləri faktlarla göstərilib. Yerli və xüsusilə xarici KİV-lərdə foruma göstərilən diqqət təqdirəlayiq hadisə kimi dəyərləndirilib.
Sonda iştirakçılara I Qarabağ Beynəlxalq İqtisadi Forumunun sertifikatları təqdim olunub.