Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və rəhbərlik etdiyi Fondun əməkdaşlarından ibarət nümayəndə heyəti: Leyla Həsənova ( Azərbaycan), Mirbek Karibayev ( Qırğızıstan), Nuri Aksu ( Türkiyə ) 11 noyabr 2022-ci il tarixində Özbəkistanın qədim Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Toplantısında iştirak edib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ev sahibliyində “Türk sivilizasiyasının yeni dövrü: Birgə inkişaf və rifaha doğru” başlığı altında keçirilən Dövlət Başçılarının Sammitində Türk dövlətlərin liderləri ölkələr arasında hərtərəfli əlaqələrin genişləndirilməsinin perspektivlərini, təşkilata üzv və müşahidəçi dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlığın əsas məsələlərini müzakirə edib, regionda və onun hüdudlarından kənarda baş verən siyasi və iqtisadi hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.
Sammit çərçivəsində TDT-da növbəti müddət üçün sədrlik Türkiyədən Özbəkistana təhvil verilib.