Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının Əsasnaməsi imzalanıb.
Musavat.com xəbər verir ki, Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclasında Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğız Respublikalarının Baş Prokurorları, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti və digər nümayəndələri iştirak edib.
Baş prokuror Kamran Əliyev iclası açaraq böyük coğrafiyanı əhatə edən türk dünyasının hüquq-mühafizə orqanları arasında qarşılıqlı və səmərəli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırmaqla dostluq və qardaşlıq təməlləri əsasında yaradılacaq Şuranın regional təhlükəsizlik, sülhə və sabitliyə yeni, daha təhlükəli təhdidlər üçün çağırışlara tutarlı cavab verməyə xidmət edəcəyini, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacağını bildirib.
Tədbirə qonaq qismində dəvət olunmuş Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Çol-Kyu Hvan çıxış edərək qlobal, o cümlədən regional təhdidlərə qarşı mübarizədə birgə platformaların önəminə diqqət çəkərək Şura üzvlərinin əldə edilmiş təcrübədən və məlumat mübadiləsindən fəal faydalanmaq imkanına malik olacaqlarını bildirib.
Açılış çıxışlarından sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının əsasnaməsinin imzalanması mərasimi baş tutub.