Ankarada “Hərbi jurnalistika” təlimi yekunlaşıb, azərbaycanlı jurnalistlər təltif edilib.
Türkiyənin Ankara şəhərində Anadolu Agentliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Türkiyə Polis Akademiyası və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Hərbi jurnalistika” mövzusunda keçirilən təlimlər başa çatıb.
Təlimin sonuncu günündə – avqustun 20-də Türkiyə Polis Akademiyasında təltifetmə mərasimi keçirilib. Mərasimdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, eyni zamanda Qarabağ müharibəsində canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Türkiyə Cümhuriyyətinin Dövlət Himni səsləndirilib. Türkiyə Polis Akademiyasının rəisi Yılmaz Çolak, Türkiyə Baş Polis İdarəsinin rəisi Mehmet Aktaş, Anadolu Agentliyinin Baş direktoru və İdarə Heyətinin sədri Sərdar Karagöz də tədbirdə çıxış ediblər.
Sonda təlim proqramını uğurla başa vuran jurnalistlər beynəlxalq səviyyədə tanınan “Hərbi jurnalistika sertifikatı” ilə təltif olunublar.
Qeyd edək ki, təlimlərə Azərbaycandan 24 jurnalist qatılıb.