Qazaxıstan və Almaniya prezidentləri Kasım-Jomart Tokayev ilə Frank-Valter Ştaynmayer arasında görüş keçirilib.
Görüş Almaniya prezidentinin Qazaxıstana səfəri çərçivəsində baş tutub.
Prezidentlər Qazaxıstan-Almaniya strateji tərəfdaşlığının vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Siyasi dialoqun gücləndirilməsinə, ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirilib.
Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı çərçivəsində qarşılıqlı fəaliyyətin intensivləşdirilməsinin, neft-qaz, yaşıl enerji və sənaye sahələrində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Kasım-Jomart Tokayev və Frank-Valter Ştaynmayer beynəlxalq və regional gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Danışıqlar dostluq şəraitində keçib, konstruktiv və məzmunlu olub. İkitərəfli iqtisadi gündəliyin bir sıra sahələrində əməkdaşlığın qurulmasına dair razılıqlar əldə olunub.(modern.az)